Niderland kraliçası Maksima yaxın günlərdə ehtiyatda olan zabit kimi hərbi xidmətə başlayacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RTL Nieuws" televiziya kanalı ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
"Kraliçanın nəzəri və fiziki hazırlıq da daxil olmaqla hərbi təlim proqramından keçəcəyi gözlənilir. O, həmçinin atəş açmağı və xəritələri oxumağı öyrənəcək", - deyə kanal öz mənbələrinə istinadən bildirib.
Müdafiə Nazirliyi ümid edir ki, kral ailəsinin üzvünün şəxsi nümunəsi xalqın hərbi xidməti marağı artıracaq.
Qeyd edək ki, kral cütlüyünün böyük qızı, vəliəhd şahzadə Amaliya bu ilin əvvəlində əsas hərbi təlimini başa vurub və ilk hərbi rütbəsini - kapral rütbəsini alıb.