Gün ərzində edilən kiçik fiziki hərəkətlər ürək-damar xəstəlikləri və hətta vaxtından əvvəl ölüm riskini azaldır. Bunun üçün idman zalına getmək və ya xüsusi vaxt ayırmaq vacib deyil.
Sherg.az xəbər verir ki, BBC-nin məlumatına görə, uzun müddət oturaq həyat tərzi ciddi sağlamlıq problemlərinə səbəb olur. Mütəxəssislər bu riskləri azaltmaq üçün gündəlik həyata kiçik fiziki fəaliyyətlərin daxil edilməsini tövsiyə edirlər.
Yeni Zelandiyanın Oklend Texnologiya Universitetinin tədqiqatçısı Ananta Narayanan bildirib ki, ayaqları hərəkət etdirmək, qab yumaq, ev təmizləmək, yemək bişirmək və pilləkənlə qalxmaq da fiziki aktivlik hesab olunur.
Araşdırmalara görə, gün ərzində bir dəqiqədən az davam edən qısa hərəkətlərin ümumi müddətinin cəmi dörd dəqiqə olması belə ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər.
Avstraliyanın Monaş Universitetinin tədqiqatçısı Nikolas Koemel isə pilləkənlə qalxmağı, ağır alış-veriş torbaları daşımağı və uşaqlarla oynamağı gündəlik aktivliyi artıran faydalı məşğuliyyətlər kimi göstərib.
Mütəxəssislər diş fırçalayarkən dabanları qaldırmağı, telefonla danışarkən oturmaq əvəzinə gəzməyi, iş zamanı vaxtaşırı ayağa qalxmağı da tövsiyə edirlər.
Onların fikrincə, əsas məqsəd gündəlik vərdişlərə daha çox hərəkət əlavə etməkdir. Kiçik fiziki fəaliyyətlər zamanla sağlam həyat tərzinin ayrılmaz hissəsinə çevrilə bilər.