Hakimə hücum edən futbolçu 1 illik diskvalifikasiya olundu

İspaniyanın “Portonovo 1979” klubunun futbolçusu Xorxe Komesanya hakimə hücum etdiyi üçün bir il müddətinə diskvalifikasiya olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Diario de Pontevedra” nəşri məlumat yayıb.

Hadisə oktyabrın 31-də “Bamio” ilə keçirilən veteranlar matçında baş verib. Görüşün 70-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan futbolçu 18 yaşlı hakim Alexandro Ninyo Falkonun üzündən tutaraq onu silkələyib, daha sonra isə yerə yıxıb.

Hər iki komandanın oyunçuları hakimə ayağa qalxmağa kömək ediblər. Hadisədən sonra qarşılaşma dayandırılıb. Gənc hakim tibbi yardım alıb.

Qeyd edək ki, Alexandro Ninyo Falkon ötən mövsüm də futbolçulardan birinin hücumuna məruz qalıb. Həmin vaxt oyunçu onun ayağını tapdalayıb.