Abbas Əraqçı: "İran müharibənin dayandırılmasına dair təklifləri dinləməyə hazırdır"

"Tehran vasitəçi ölkələrin müharibənin dayandırılmasına dair təkliflərini dinləməyə hazırdır. Bir şərtlə ki, bu təkliflər İrana dəyən zərərin kompensasiyasını nəzərdə tutsun".

Oxu.Az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı "Al Jazeera" telekanalına müsahibəsində bəyan edib.

"Bizə dost olan bir çox ölkələr sülhün əldə edilməsi üçün variantlar təklif ediblər. Əgər müharibənin dayandırılmasına dair bizim şərtlərimizə uyğun təklif olarsa və İranın məruz qaldığı zərər kompensasiya edilərsə, şübhəsiz, belə variantları dinləyəcəyik", - deyə nazir bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.