Zelenski Uitkoff və Kuşnerlə Əbu-Dabi danışıqlarını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın TSN telekanalı məlumat yayıb.

Telefon danışığında Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan üçtərəfli danışıqlara hazırlıq məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin Brüsseldə Ukrayna, ABŞ və Avropanın texniki qrupları arasında keçirilən məsləhətləşmələr ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Uitkoffla görüşündə Moskvanın Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlar noyabrın ikinci ongünlüyündə Əbu-Dabidə keçirilə bilər.