"Trampın irəli sürdüyü dörd əsas tələb Tehran üçün qəbuledilməzdir. İran nə nüvə proqramından, nə də raket imkanlarından imtina edəcək"
Uzun müddətdir ABŞ-İran gərginliyinin hərbi qarşıdurma, yoxsa diplomatik danışıqlar yolu ilə nizamlanacağı diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə güclü hərbi donanma göndərdiyini bildirməsi, regionda müharibə riskini gücləndirib. İranın ali rəhbəri Əli Xamenei isə xəbərdarlıq edib ki, hər hansı hərbi təcavüz tammiqyaslı regional münaqişəyə çevriləcək. O, xalqı Trampın Yaxın Şərqə ordu göndərməsi ilə bağlı açıqlamalarından qorxmamağa çağırıb. Tərəflərin sərt bəyanatları ilə yanaşı, danışıqlara meylli açıqlamaları çaşqınlığa səbəb olur. İran prezidenti Məsud Pezeşkian diplomatiyaya üstünlük verərək, danışıqların Tehranın milli maraqları çərçivəsində aparılmasının vacibliyini vurğulayıb. Lakin ABŞ-ın irəli sürdüyü şərtlər İranın maraqları ilə üst-üstə düşmür. Buna baxmayaraq, fevralın 6-da ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və A.Əraqçinin İstanbulda nüvə razılaşmasını müzakirə etmək üçün görüşəcəyi gözlənilir.
Mövzu ilə əlaqədar politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, ABŞ-ın Yaxın Şərqi parçalamağa yönəlmiş “7 ölkə planı” var: 
“ABŞ-ın sabiq generalı Wesley Clarkın “7 ölkə planı” ilə bağlı açıqlamalarında, ölkəsinin beş il ərzində İraq, Suriya, Livan, Liviya, Somali, Sudan və İranda rejim dəyişikliyi həyata keçirməyi planlaşdırdığını qeyd edib. Planda adı çəkilən ölkələrin bir çoxunda ya dövlət institutları zəiflədilib, ya da birbaşa parçalanma siyasəti həyata keçirilib. Lakin plan üzrə İranda siyasət yürütmək çətindir. Çünki İranda güclü dövlətçilik ənənələri və formalaşmış diplomatik sistem mövcuddur. Bunu 12 günlük qarşıdurmalarda da müşahidə etdik. Xaricdə yaşayan çoxsaylı iranlılar ölkənin çətin günündə vətənə qayıdaraq, müqavimət göstərməyə hazır olduqlarını nümayiş etdirdilər”.
Politoloq, Trampın İranı vurub-vurmamaq məsələsində ciddi dilemma ilə üz-üzə qaldığını qeyd edib:
“Rəsmi Tehran isə hər bir hücuma cavab verməyə hazır olduğunu bəyan edir. Çünki Fars körfəzində İranın hərbi imkanları kifayət qədər genişdir. Yeraltı raket sistemləri, mini sualtı gəmilər və PUA-lar üzərində qurulan hərbi potensial göstərir ki, yeni toqquşma Tehran üçün ölüm-dirim savaşı olacaq. Ona görə də, İsrailin Baş naziri, Trampdan İrana hücum etməməsini xahiş edib. Bir tərəfdən İsrailə və yəhudi lobbisinə verdiyi vədlər, digər tərəfdən isə israilli-amerikalı milyarder Miriam Adelsonun seçki kampaniyasına təxminən 100 milyon dollar maliyyə dəstəyi göstərməsi, Trampın üzərində əlavə siyasi yük yaradır. Bu baxımdan ABŞ liderinin, İrana təzyiq siyasətini davam etdirməsi təsadüfi deyil”.
T.Abbasovun sözlərinə görə, ABŞ və İsrailin İranla bağlı strateji məqsədləri fərqlidir:
“ABŞ İranı zəiflətmək, İsrail isə parçalamaq niyyətindədir. İran prezidenti Məsud Pezeşkian danışıqların Türkiyədə keçirilməsini təklif edib. Lakin ABŞ-ın irəli sürdüyü dörd əsas tələb Tehran üçün qəbuledilməzdir. Rəsmi Tehran nə nüvə proqramından, nə də raket imkanlarından imtina etməyəcək. Qarşıdakı danışıqlarda verilən qərarlar, prosesin hansı istiqamətə yönələcəyini müəyyən edəcək. Bununla belə, hərbi ssenari ehtimaldan kənar deyil. Bu zaman ABŞ-ın Yaxın Şərqdəki hərbi donanması və bazaları da hədəfə çevriləcək. Tramp üçün hazırda ən rasional seçim müharibəsiz həll variantını gündəmdə saxlamaqdır”.
Aybəniz Səfərova