ABŞ Latın Amerikasında narkokartellərə qarşı yeni tədbirlər hazırlayır

Vaşinqton administrasiyası Latın Amerikasında fəaliyyət göstərən narkokartellərə qarşı mübarizə çərçivəsində yeni addımlar atmağı müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp bu istiqamətdə əlavə tədbirlər görməkdə qərarlıdır.

“Prezident narkokartellərə qarşı əlavə addımlar atmaqda çox maraqlıdır və bunu açıq şəkildə bildirir”, – deyə Livitt vurğulayıb.

Ağ Evin sözçüsü əlavə edib ki, Trampın milli təhlükəsizlik komandası mümkün fəaliyyət variantlarını mütəmadi olaraq müzakirə edir.

“Bu istiqamətdə prezident misilsiz tədbirlər həyata keçirib və onun ixtiyarında əlavə seçimlər də var. Bu məsələdə yekun qərarı yalnız prezident verə bilər”, – Livitt bildirib.