ABŞ mediası Rusiyada reaktiv mühərrikli dronların istehsal tempinə diqqət çəkib

ABŞ-ın “Newsweek” jurnalı Rusiyada reaktiv mühərrikli pilotsuz uçuş aparatlarının (PUA) istehsal tempini “qorxuducu” adlandırıb.

Sherg.az xəbər verir ki, nəşr Rusiya ordusunun böyük sayda istifadə etdiyi dronların qarşısını almaq üçün “Patriot” sistemlərinin bahalı raketlərindən istifadə edilməsinin ciddi problem yaratdığını yazıb.

“Rusiyanın reaktiv mühərriklərdən istifadə etməklə Ukrayna üçün yaratdığı təhlükəni bu qədər sürətlə artırması qorxuducudur”, – “Newsweek” qeyd edib.

Nəşr Rusiyanın təkcə dronların sayını artırmadığını, həm də onların keyfiyyətini yüksəltdiyini vurğulayıb.

Daha əvvəl “Ultimate Defence” və “Global Aviator” jurnallarının baş redaktoru Mayk de Villers Rusiyanın dünyanın ən yaxşı pilotsuz uçuş aparatlarından və dolaşan döyüş sursatlarından bəzilərini hazırlayıb istehsal etdiyini bildirib. Onun sözlərinə görə, Rusiyanın “Lancet” zərbə kompleksi XXI əsrin silahı hesab oluna bilər.