ABŞ-ni sarsıdan olayda şok detallar üzə çıxdı: Psixoloji problemləri olub

ABŞ-də iki milli qvardiyaçının güllələndiyi hücumun məsulu barədə yeni məlumatlar açıqlanıb.

Sherg.az xəbər verir ki, "New York Times"ın hadisə barədə məlumatlı mənbələrə və Əfqanıstan kəşfiyyat rəsmisinə istinadən yaydığı məlumata görə, hücumun şübhəlisi – Əfqanıstan vətəndaşı, 29 yaşlı Rahmanullah Lakanval ABŞ-la işləyən Əfqanıstan paramilitar qüvvəsi olan “Sıfır Birliyi”nin üzvü olub.

Məlumata görə, Lakanvalın xidmət etdiyi birlik Əfqanıstanın Kandahar vilayətində yerləşib və onun qardaşlarından biri həmin bölmənin komandir müavini kimi çalışıb.

Adının açıqlanmasını istəməyən uşaqlıq dostu bildirib ki, Lakanval “psixoloji problemlər yaşayırdı və xidmət etdiyi birliyin səbəb olduğu itkilərdən ciddi narahatlıq keçirirdi”.

Amazon şirkətinin təqdim etdiyi məlumatlarda Lakanvalın ötən yay bir neçə həftə Amazon Flex-də sürücü kimi paket çatdırılması işi gördüyü qeyd olunur.

"Fox News" isə birliyin üzvlərinin CIA tərəfindən hazırlanaraq Əfqanıstanda “çətin antiterror əməliyyatları” apardığını yazıb.

Mənbələrin sözlərinə görə, Lakanval ehtimalən 2011-ci ildə – təxminən 15 yaşında olarkən CIA ilə əməkdaşlığa başlayıb. O dövrdə bir çox əfqanların ABŞ hökumətində çalışmaq üçün sənədlərdə yaşlarını saxtalaşdırmaları adi hal kimi göstərilir.

ABŞ-ın yüksəkvəzifəli rəsmisi isə Lakanvalın “bütün yoxlamalardan problemsiz keçdiyini” bildirib.

Nə baş vermişdi?

Vaşinqton Polis Departamenti 26 noyabrda yerli vaxtla saat 14:15 radələrində Ağ Evə yaxın ərazidə iki milli qvardiyaçının atəşə tutulduğunu və şübhəlinin saxlanıldığını açıqlamışdı.

FBI Direktoru Kaş Patel hücumun tək şəxsin əməli olduğunu və şübhəlinin nəzarətə alındığını bildirmişdi.

Vaşinqton meri Muriell Bauzer isə hadisəni “hədəf alınaraq törədilmiş hücum” adlandıraraq, FBI ilə genişmiqyaslı araşdırmanın aparılacağını demişdi.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə ilk açıqlamasında iki milli qvardiyaçının xəstəxanada olduğunu, hücumu törədən şəxsə isə “heyvan” dediyini yazmışdı. O həmçinin şübhəlinin də yaralı olduğunu və “ağır şəkildə cəzalandırılacağını” bildirmişdi.

ABŞ Müdafiə naziri Pit Hegseth Dominikan Respublikasında keçirdiyi mətbuat konfransında hücumdan sonra paytaxtda milli qvardiyaçılarının sayının artırılacağını və Trampın göstərişi ilə Vaşinqtona əlavə 500 hərbçinin göndəriləcəyini açıqlamışdı.

Tramp şübhəlinin 2021-ci ilin sentyabrında Əfqanıstandan ABŞ-a gələn miqrant olduğunu bildirərək, sabiq Prezident Co Bayden administrasiyasının miqrasiya siyasətini tənqid etmişdi.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti ölkədəki bütün əfqanların immiqrasiya müraciətlərinin emalının dayandırıldığını açıqlamışdı.

CIA direktoru Con Ratklif Lakanvalın ABŞ-la birgə qüvvənin üzvü kimi Kandaharda CIA ilə əməkdaşlıq etdiyini təsdiqləmişdi.

CNN-in məlumatına görə, adının açıqlanmasını istəməyən rəsmilər Lakanvalın 8 sentyabr 2021-ci ildə ABŞ-a daxil olduğunu, 2024-cü ildə etdiyi sığınacaq müraciətinin isə bu il Tramp administrasiyası tərəfindən qəbul edildiyini bildiriblər.

Prezident Tramp son açıqlamasında hücum nəticəsində yaralanan 20 yaşlı milli qvardiyaçı Sara Bekstroumun həyatını itirdiyini deyib.