ABŞ-nin əsas raket ehtiyatları ciddi şəkildə tükənib - KİV

ABŞ ordusunun İranla başlayan hərbi əməliyyatlar zamanı raket və sursat ehtiyatlarının böyük hissəsini istifadə etdiyi iddia olunub. Bu vəziyyətin yaxın perspektivdə “risk” yaratdığı bildirilir.

Sherg.az xəbər verir ki, Anadolu Agentliyi və CNN-in ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) yaxın mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ ordusu İranla münaqişə zamanı əsas raket ehtiyatlarının əhəmiyyətli hissəsini sərf edib.

Mənbələrə görə, bu durum gələcək illərdə Çin kimi böyük güclə mümkün qarşıdurma zamanı ABŞ-nin sursat çatışmazlığı ilə üzləşə biləcəyi riskini artırır.

Pentaqonun ilin əvvəlində raket istehsalını artırmaq üçün müqavilələr imzaladığı, lakin yeni silahların tam çatdırılmasının 3-5 il çəkəcəyi bildirilir.

Pentaqon sözçüsü Şon Parnell isə CNN-ə açıqlamasında ABŞ ordusunun milli maraqları qorumaq üçün “geniş imkanlara malik arsenalını saxladığını” deyib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analizinə əsasən ABŞ-nin dəqiq zərbə raketlərinin ən az 45%-i istifadə olunub. THAAD hava hücumundan müdafiə sisteminin yarısı tükənib. Patriot sisteminin təxminən yarısı sərf edilib. Tomahawk raketlərinin 30%-i istifadə olunub. JASSM raketlərinin 20%-dən çoxu tükənib. SM-3 və SM-6 raketlərinin də təxminən 20%-i istifadə edilib.

Mütəxəssislərin fikrincə, bu göstəricilər ABŞ ordusunun uzunmüddətli münaqişələrə hazırlığı ilə bağlı suallar yaradır və gələcək geosiyasi gərginliklər fonunda mühüm problem kimi qiymətləndirilir.