Qızıl bazarında mərkəzi bankların alışları artıb, zərgərlik tələbatı azalıb

2026-cı ilin III rübündə birjadankənar (OTC) bazar da daxil olmaqla, qızıla qlobal tələbat illik müqayisədə 1% azalaraq 1 369 ton təşkil edib. Bununla belə, yanvar-sentyabr aylarında qlobal tələbat 3 881 tona çataraq 2025-ci ilin rekord göstəricisinə (3 884 ton) yaxınlaşıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council) hesabatında bildirilib.

Hesabata əsasən, hesabat dövründə qızıla tələbatın dəyəri rekord həddə çataraq 566 milyard ABŞ dolları təşkil edib.

Mərkəzi bankların qızıl alışları III rübdə kəskin artaraq 321 ton olub. Bu göstərici son dövrlərdə qeydə alınan tipik rüblük alış həcmlərini üstələyib. Beləliklə, yanvar-sentyabr aylarında mərkəzi bankların qızıl alışları ötən ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 675 tona çatıb.

II rübdə qeydə alınan xalis vəsait çıxışından sonra qızılla təmin olunmuş birja investisiya fondlarına (ETF) yenidən vəsait axını başlayıb. III rübdə bu fondların qızıl ehtiyatları 211 ton artıb. Vəsait daxilolmalarının dövlət maliyyəsinin dayanıqlılığı və inflyasiya ilə bağlı narahatlıqların artması, eləcə də digər amillərlə əlaqədar olduğu ehtimal edilir.

Qızıl külçələrə və sikkələrə investisiya edənlər isə daha ehtiyatlı davranıblar. Qiymətlərin gələcək dinamikası ilə bağlı daha aydın mənzərənin formalaşmasını gözləyən investorlar fonunda bu kateqoriya üzrə qlobal tələbat illik müqayisədə 19% azalaraq 268 ton təşkil edib.

Zərgərlik məmulatlarına qızıl tələbatı illik müqayisədə 17% azalaraq 313 tona düşüb. Bu, müşahidələrin aparıldığı bütün dövr ərzində III rüblər üzrə qeydə alınan ən aşağı göstəricidir. Yüksək qiymətlər bütün bazarlarda tələbatı məhdudlaşdırmaqda davam edib. Bununla belə, zərgərlik məmulatlarına tələbatın dəyəri illik müqayisədə 2% artaraq 43 milyard ABŞ dollarına yüksəlib.

Texnologiya sektorunda istifadə olunan qızılın həcmi isə III rübdə illik müqayisədə 3% artıb. Süni intellektlə əlaqəli istehsal sahələrindən yaranan tələbatın artması qızılın yüksək qiymətlərinin məhdudlaşdırıcı təsirini üstələyib.