ABŞ ordusu Suriyanın paytaxtına girir

ABŞ hərbi qüvvələri Suriyanın paytaxtı Dəməşqdəki Məzzə hərbi hava limanında yerləşdiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia”ya Suriya mənbələri deyiblər.

Mənbələr qeyd ediblər ki, ABŞ bazanı Suriya və İsrail arasında mümkün razılaşmanı izləmək üçün istifadə etməyi planlaşdırır.

Qərb hərbi mənbəsi söyləyib ki, Pentaqon son iki ay ərzində bazaya bir neçə kəşfiyyat uçuşları həyata keçirərək qiymətləndirmə prosedurlarını sürətləndirib və uzun enişli uçuş zolağının təxirəsalınmaz istifadəyə hazır olduğunu təsdiqləyib.

İki suriyalı hərbi mənbə vurğulayıb ki, texniki danışıqlar bazadan logistika, nəzarət, yanacaqdoldurma və humanitar əməliyyatlar üçün istifadə imkanına fokuslanıb, Suriyanın isə obyekt üzərində tam suverenliyi qorunacaq.

Suriyanın Müdafiə Nazirliyindən bir rəsminin sözlərinə görə, C-130 tipli ABŞ təyyarələri uçuş zolağının yararlılığını yoxlamaq üçün bazaya enib. Məsələ ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəisi admiral Bred Kuperin sentyabrın 12-də Dəməşqə səfəri zamanı müzakirə olunub.

Noyabrın əvvəlində “Reuters” agentliyinə danışan 6 mənbə bildirmişdi ki, ABŞ ordusu Suriyanın paytaxtındakı hərbi bazada yerləşməyə hazırlaşır. Bu addım Vaşinqtonun Suriya və İsrail arasında təhlükəsizlik razılaşması imzalamaq səylərinə xidmət edəcək.