ABŞ Prezidenti Trampın media müharibəsi genişlənir

Ağ Evin rəsmi internet saytına əlavə edilən yeni bölmədə “yanlış və qərəzli” olduğu iddia edilən media qurumları və jurnalistlərin adları paylaşılıb. Siyahıda ABŞ-nin ən qədim media orqanları olan The Washington Post, CBS News, CNN və MSNBC “Günahkar Utanc Siyahısı”nda göstərilib.

Sherg.az xəbər verir ki, yeni səhifədə CBS News, The Independent və The Boston Globe “həftənin media günahkarları” kimi təqdim olunub. Bu media qurumlarının ABŞ Prezidenti Donald Trampın sözlərini “səhv çatdırdığı və şişirtdiyi” iddia olunur.

Məlumata görə, bu orqanlar Trampın “əsgərlərə qanunsuz əmrlər verdiyi” barədə saxta xəbərlər yayımlayıb. Ağ Ev isə Prezidentin bütün əmrlərinin “qanuni” olduğunu müdafiə edir.

The Washington Post, CBS News, CNN və MSNBC kimi media qurumları “Günahkar Utanc Siyahısı”nda yer alıb. Bu qurumlar “yanlış və təxribatçı xəbər yaymaqda” ittiham olunub.

Bundan əlavə, çox sayda media orqanı və jurnalist “qərəzli xəbər”, “yalan xəbər” kimi kateqoriyalarda ayrıca siyahıya daxil edilib.

Həmçinin “Təkrar-təkrar günah işləyənlər” kateqoriyasında The Washington Post, CNN, CBS News, Axios və New York Times kimi bir çox media qurumunun adı qeyd olunub.