ABŞ Tehran hakimiyyəti ilə deyil, alternativ dairələri təmas qurub - PROQNOZ

"Trampın 48 saatlıq ultimatumundan sonra ABŞ ilə İran arasında son günlər baş verən ziddiyyətli açıqlamalar beynəlxalq siyasətdə tez-tez rast gəlinən mürəkkəb diplomatik oyunun bir nümunəsidir".

Bu barədə Sherg.az-a Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.

O, bildirib ki, Donald Trampın “İranla iki gündür görüşlər aparılıb və müəyyən nəticələr əldə olunub” açıqlaması tərəflər arasında birbaşa təmasların mövcudluğunu göstərir:

"Bununla yanaşı, onun kommunikasiya xəttlərinə hücumların dayandırılması barədə göstəriş verdiyini bildirməsi, müəyyən səviyyədə kontaktların baş verdiyini ehtimal etməyə əsas verir. Digər tərəfdən, İran rəsmilərinin “ABŞ-la heç bir danışıq aparılmayıb” açıqlaması da diqqət çəkir. Bu cür inkar diplomatiyada yeni deyil və çox vaxt daxili auditoriyaya yönəlmiş siyasi mesaj xarakteri daşıyır. İran hakimiyyəti yalnız rəsmi dövlət kanalları vasitəsilə aparılan təmasları “danışıqlar” kimi qəbul edir və digər qeyri-rəsmi əlaqələri qəti şəkildə rədd edir. Bu baxımdan, hər iki tərəfin açıqlamaları öz siyasi məntiqi çərçivəsində doğru sayıla bilər. Mümkün ssenarilərdən biri ondan ibarətdir ki, ABŞ rəsmi Tehran hakimiyyəti ilə deyil, alternativ siyasi və ya təhlükəsizlik dairələri ilə təmas qurub. Bu dairələrə müxalif qruplar, sistem daxilində fərqli mövqedə olan qüvvələr və ya xaricdə fəaliyyət göstərən siyasi mühacirlər daxil ola bilər. Belə hallarda İranın mövcud hakimiyyəti “bizimlə heç kim görüşməyib” deməklə faktiki olaraq doğru danışmış olur, çünki danışıqlar birbaşa onların iştirakı ilə aparılmayıb. ABŞ-nin bu cür addımları gələcəkdə mümkün siyasi dəyişikliklər üçün zəmin hazırlamaq olduğunu düşünürəm. Lakin bu tip proseslər adətən yüksək səviyyədə məxfilik şəraitində həyata keçirilir və açıq şəkildə təsdiqlənmir. Tarixi təcrübə göstərir ki, ABŞ ilə İran arasında zaman-zaman gizli kanallar vasitəsilə aparılan danışıqlar sonradan üzə çıxıb".

V. Əfəndiyev qeyd edib ki, mövcud ziddiyyətli açıqlamalar daha çox informasiya müharibəsinin və diplomatik manevrlərin tərkib hissəsi kimi görünür:

" Ya tərəflər arasında rəsmi olmayan gizli təmaslar mövcuddur, ya da hər iki tərəf ictimai rəyi və beynəlxalq mövqeləri formalaşdırmaq üçün fərqli taktikalar irəli sürür. Hər iki halda, proseslərin arxa planında görünəndən daha mürəkkəb siyasi proseslərin getdiyini söyləmək olar. ABŞ Tehran hakimiyyəti ilə deyil, alternativ siyasi və ya təhlükəsizlik dairələri ilə təmas qurub".