ABŞ vətəndaşlarına “İraqı tərk edin” çağırışı

ABŞ İrana bağlı silahlı qrupların artan hücumları səbəbindən İraqdakı vətəndaşlarına ölkəni dərhal tərk etmələri barədə çağırışını yeniləyib.

Sherg.az-ın məlumatına görə, ABŞ-nin Bağdaddakı səfirliyinin açıqlamasında bildirilib ki, İranla əlaqəli milislər İraqın müxtəlif bölgələrində amerikalıları və ABŞ-la əlaqəli obyektləri hədəf alan hücumlar həyata keçirir. Bu hücumların İraq Kürd Regional İdarəsi daxil olmaqla ölkənin bir çox bölgəsində baş verdiyi qeyd olunub.

Milis qruplarının Bağdadın mərkəzində yerləşən Yaşıl Zonanı dəfələrlə hədəf aldığı, həmçinin Ərbil Beynəlxalq Hava Limanı ətrafında və ABŞ Başkonsulluğunun yaxınlığında da hücumların təkrarlandığı bildirilib.

ABŞ səfirliyi təhlükə səbəbilə vətəndaşlarını bir daha İraqı tərk etməyə çağırıb. Açıqlamada ölkənin hava məkanında raket, pilotsuz uçuş aparatı və minaatan hücumu riskinin davam etdiyi vurğulanıb.

Qeyd olunub ki, ABŞ-nin Bağdaddakı səfirliyi səhər saatlarında hücuma məruz qalıb. İraq hökuməti isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.