Ağ Ev: Tramp İranla atəşkəsin dayandırılması üçün dəqiq bir müddət verməyib

Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlərə bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranın razılaşma təklifini təqdim etməsi üçün dəqiq bir vaxt və ya atəşkəsə son qoymaq üçün son tarix müəyyən etməyib.

Teleqraf xəbər verir ki, Ağ Ev rəsmisi İrana son tarix verilməsinə dair KİV-də gedən məlumatları yalanlayıb: "Bu gün gördüyüm bəzi məlumatlara baxmayaraq, prezident İrandan təklif almaq üçün dəqiq bir zaman təyin etməyib. Nəticədə, son tarixi baş komandan - Amerika Birləşmiş Ştatlarının prezidenti müəyyən edəcək. Bilirəm ki, bəzi anonim mənbələrə istinadən üç-beş günlük bir müddətin müəyyən edildiyi bildirilib. Bu, doğru deyil. Prezidentin özü heç bir müddət təyin etməyib".

Qeyd edək ki, "Axios" daha öncə mənbələrə istinadən ABŞ-İran atəşkəsinin uzadılmasının qeyri-müəyyən müddətə uzadılmayacağını bildirmişdi . Mənbələrə görə, Ağ Ev rəhbəri Tehrana "işlərini qaydasına salmaq" üçün əlavə üç-beş gün vaxt verməyə hazır olduğunu bildirib.