Ağ Ev: Trampın ümumi sağlamlıq durumu “çox yaxşıdır”

Ağ Ev ABŞ Prezidenti Donald Trampın sağlamlıq durumunun “çox yaxşı” olduğunu açıqlayıb.

Sherg.az xəbər verir ki, sosial mediada yayılan rəsmi açıqlamada, prezidentin profilaktik məqsədlə edilən MR müayinəsinin nəticələri barədə Ağ Evin həkimi Şon Barbabellanın dəyərləndirməsinə yer verilib.

Açıqlamada Trampın ürək-damar görüntüləməsinin normal olduğu, “bütün vacib orqanların çox sağlam göründüyü” bildirilib. Bu tip yoxlamaların standart prosedur olduğu və prezidentin ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğunu təsdiqlədiyi vurğulanıb.

“New York Times” qəzetinin 79 yaşlı Trampın hazırkı fəaliyyətini ilk prezidentlik dövrü ilə müqayisə edən məqaləsi ABŞ ictimaiyyətində geniş müzakirə olunub. Qəzet Trampın 2017-ci illə müqayisədə bu il təxminən 40 faiz daha az ictimaiyyət qarşısına çıxdığını, iş gününə isə daha gec başladığını yazıb.

Trampın daha çox xarici səfərlərə çıxdığı və tibbi müayinələrinin yaxşı nəticələr göstərdiyi bildirilsə də, onun “yaşa bağlı enerji azalması” yaşadığı iddia olunub.

Prezident Tramp isə NYT-nin iddiasını rədd edərək, “Enerjimin azalacağı gün mütləq gələcək, amma hələ ki, belə deyil” deyib və son tibbi müayinələrinin mükəmməl nəticə verdiyini qeyd edib.