Aİ-də yenidən silahlanma xərclərinin artımı “fırıldaqçılar üçün maqnit” adlandırılıb

Avropa ölkələrinin yenidən silahlanmaya yönəlməsi müdafiə sektoruna yatırılan rekord həcmdə vəsait səbəbindən cinayətkarlar üçün “maqnit” rolunu oynayır. Bu barədə Avropa İttifaqının Fırıldaqçılıqla Mübarizə Bürosunun (OLAF) rəhbəri Petr Klement bildirib.

Sherg.az xəbər verir ki, məlumatı "Financial Times" yayıb.

Klement qeyd edib ki, müdafiəyə yatırımlar artdıqca, bu sahədə fırıldaqçılıq halları və araşdırmaların sayı da çoxalacaq. Onun sözlərinə görə, fırıldaqçıları cəlb edən əsas amil məhz böyük maliyyə vəsaitləridir.

OLAF Avropa İttifaqının müdafiə büdcələri ilə bağlı mümkün saxtakarlıqları araşdırır. Financial Times yazır ki, Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra bu xərclər əhəmiyyətli dərəcədə artıb. Böyük investisiyalar sırasında sursat üçün 500 milyon avro, müdafiə kreditləri üçün 150 milyard avro və müdafiə sənayesinin inkişafına 1,5 milyard avro ayrılıb.

Klement bildirib ki, büro “ayırıq-sayıqlıq vəziyyətindədir”, çünki söhbət Avropa vətəndaşlarının vəsaitindən gedir. Onun sözlərinə görə, bu sektorda tender manipulyasiyaları, qiymətlərin şişirdilməsi, müştəripərəstlik və korrupsiya halları, xüsusilə nəzarət mexanizmləri zəif olan ölkələrdə daha çox müşahidə olunur. Ötən il OLAF 597 milyon avronun geri qaytarılmasına nail olub, son on ildə isə bu rəqəm 6,8 milyard avro təşkil edib. “Pul oğurlamaq imkanı, oğurlamaq istəyənləri cəlb edir”, – deyə Klement əlavə edib.

Avropa Prokurorluğunun sabiq rəhbər müavini olan Klement bildirib ki, onun əsas prioriteti OLAF ilə Avropa Prokurorluğu arasında daha sıx əməkdaşlığın qurulması, birgə istintaqların aparılması və məlumat mübadiləsinin genişləndirilməsidir.

"Financial Times" qeyd edir ki, əsas problem ondan ibarətdir ki, OLAF araşdırma aparsa da, bu araşdırmalar əsasında cinayət işlərini ya Aİ ölkələrinin milli orqanları, ya da Avropa Prokurorluğu açmalıdır. OLAF rəhbərinin sözlərinə görə, bəzi ölkələr bu boşluqdan sui-istifadə ediblər. Məsələn, Macarıstan 2015–2024-cü illər ərzində OLAF-ın potensial saxtakarlıq kimi qiymətləndirdiyi vəsaitlərin təxminən beşdə birini geri qaytarıb. Viktor Orbanın hakimiyyəti dövründə ölkə Avropa Prokurorluğuna qoşulmaqdan imtina edirdi.

Lakin Macarıstanda son siyasi dəyişikliklərdən sonra müxalif “Tisa” partiyasının lideri və gələcək baş nazir kimi göstərilən Peter Macar ölkənin Avropa Prokurorluğuna qoşulacağını açıqlayıb. Klement bu addımı “çox müsbət” kimi qiymətləndirib.