Avropa Komissiyası TikTok platformasının uşaqların məxfiliyini və təhlükəsizliyini kifayət qədər qorumadığı qənaətinə gəlib.
Sherg.az xəbər verir ki, Komissiyanın ilkin qiymətləndirməsinə əsasən, platforma Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində müəyyən edilmiş təhlükəsizlik tələblərini pozmuş ola bilər.
Bildirilir ki, TikTok-da uşaqlara məxsus hesablar standart olaraq hamı üçün açıq ola bilir. Bundan əlavə, 16-17 yaşlı istifadəçilərin paylaşımları "Sizin üçün" (For You) lentində digər istifadəçilərə tövsiyə edilir ki, bu da onların kibertəqib, onlayn zorakılıq və arzuolunmaz əlaqələr kimi risklərlə üzləşməsinə səbəb ola bilər.
Avropa Komissiyası TikTok-a uşaqlar üçün standart məxfilik ayarlarını dəyişməyi və 18 yaşdan kiçik istifadəçilərin paylaşımlarını "For You" tövsiyə sistemində göstərməməyi tövsiyə edib.
TikTok-un ilkin qiymətləndirməyə cavab vermək hüququ var. Lakin pozuntu təsdiqlənərsə, şirkət qlobal illik dövriyyəsinin 6 faizinə qədər cərimə oluna bilər.