Almaniya Hörmüz boğazına qoşun göndərəcək

Almaniya Hörmüz boğazında mümkün təhlükəsizlik missiyasında iştirak etməyə hazırlaşır. Berlin bu missiyada minatəmizləmə və dəniz kəşfiyyatı sahəsindəki imkanlarından yararlanmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” məlumat yayıb.

Nəşrin yazdığına görə, Almaniya Kansleri Fridrix Merts bu təklifi aprelin 17-də Parisdə keçiriləcək görüşdə təqdim edəcək. İrandakı müharibənin bitməsindən sonra Hörmüz boğazından sərbəst keçidi təmin etmək məqsədi daşıyan missiya üçün hərbi planlaşdırma bir neçə həftədir davam edir. Paris konfransı əməliyyat üçün siyasi çərçivəni müəyyən etmək məqsədi daşıyır.

Almaniya Kansleri Berlinin iştirakı üçün şərtləri bir daha vurğulamaq niyyətindədir: hərbi əməliyyatlar dayandırılmalı, beynəlxalq missiya başlamalı, BMT-dən mandat və Bundestaqın təsdiqi alınmalıdır. Bundan əlavə, Merts etibarlı siyasi-hərbi konsepsiyanın hazırlanmasında israrlıdır.

Almaniyanın nöqteyi-nəzərindən ABŞ missiyada komandanlıq funksiyalarını yerinə yetirməli deyil, amma iştirak etməlidir. Hazırkı plana görə, əsas hərbi yük Fransa və Böyük Britaniyanın üzərinə düşəcək. Bundesver freqatının yerləşdirilməsi planlaşdırılmır.