Almaniya Ukraynaya çağırış yaşında olan kişilərin geri qaytarılmasına kömək edə bilər

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynaya çağırış yaşında olan kişilərin ölkəyə qaytarılmasına yardım edə biləcəklərini bildirib. O, Almaniya hakimiyyətinin həmin şəxslərin yaşayış və qeydiyyat ünvanları barədə məlumatlara malik olduğunu deyib.

Sherg.az xəbər verir ki, Vadeful bu barədə “Bild” qəzetinə müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, Almaniya hakimiyyəti Ukrayna vətəndaşlarından olan kişilərin harada yaşadığını, kimlərin sosial yardım aldığını, qeydiyyatda olduğunu və ya yaşayış statusuna malik olduğunu bilir. Bu məlumatlar əsasında Ukrayna hökuməti tərəfindən həmin şəxslərə hərbi xidmətə çağırışla bağlı bildiriş göndərilə bilər.

Vadeful Ukraynada çağırış yaşında olan kişilərin ölkəyə qayıtması ideyasını dəstəklədiyini, lakin prosesin “məcburiyyət olmadan” həyata keçirilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti son aylarda orduda şəxsi heyət çatışmazlığı fonunda səfərbərlik siyasətinin yenidən nəzərdən keçirilməsinin vacibliyini dəfələrlə açıqlayıb. Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko avqust ayında hakimiyyətin “radikal” tədbirlər hazırladığını bildirmişdi.