Almaniyada yanacaq həyəcanı: Kansler təcili iclas çağırır

Almaniya kansleri Fridrix Merts Yaxın Şərqdə artan gərginlik fonunda ölkədə yanacaq təminatını müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasını yaxın günlərdə toplamağa hazırlaşır.

Sherg.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə aviasiya yanacağı (aviakerosin) ilə bağlı vəziyyət gərgindir, lakin hazırda tədarük hələ təmin olunur. Kansler bildirib ki, vəziyyət daha da pisləşərsə, hökumət əlavə tədbirlər görməyə hazırdır.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol isə xəbərdarlıq edib ki, Avropada aviasiya yanacağı ehtiyatları təxminən 6 həftəlik qalıb. Əgər Hörmüz boğazı vasitəsilə neft ixracı bərpa olunmasa, aviaşirkətlər uçuşları dayandırmağa başlaya bilər.

Hazırda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları səbəbindən bölgədə vəziyyət kəskinləşib və bu strateji marşrut üzrə gəmiçilik demək olar ki, dayanıb. Nəticədə dünya üzrə yanacaq qiymətləri artmağa davam edir.