BMT Baş Assambleyasının sədri Annalena Berbok bəyan edib ki, ABŞ nümayəndə heyəti Ukrayna ilə bağlı antirusiya qətnaməsindən “ədalətli sülh”lə bağlı müddəaları çıxarmağa çalışıb. Sherg.az xəbər verir ki, o, bu barədə ARD telekanalına müsahibəsində danışıb.
Berbokun sözlərinə görə, ABŞ indiyədək bu qətnaməyə həmişə səs verib, lakin bu dəfə ilk dəfə bitərəf qalıb. O bildirib ki, Vaşinqton sənəd layihəsindən bir sıra antirusiya çağırışlarını “şüurlu şəkildə” çıxarmağa cəhd edib.
Səsvermə zamanı qətnamənin lehinə 107 ölkə, əleyhinə 12 ölkə səs verib, 51 dövlət isə bitərəf qalıb. Qeyd edək ki, BMT Baş Assambleyasının qətnamələri hüquqi baxımdan məcburi qüvvəyə malik deyil.