Avropa İttifaqı Macarıstanı gizli danışıqlardan kənarlaşdırır

Avropa İttifaqı (Aİ) Macarıstan hökumətinin məxfi məlumatları Rusiyaya ötürdüyünə dair şübhələr səbəbilə Budapeştə məlumat axınını məhdudlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Brüsseldə Budapeştdən məxfi məlumatların Kremlə sızdırılması riski ilə bağlı narahatlıq var. Amma aprelin 12-də Macarıstanda keçiriləcək seçkilərə mümkün təsiri nəzərə alaraq, Aİ rəsmi ittiham irəli sürməyəcək.

Nəşr yazıb ki, Budapeştin məlumatları birbaşa Moskvaya ötürə biləcəyi ilə bağlı qorxu bütün 27 üzvün iştirakı ilə görüşlər əvəzinə həmfikir liderlərlə ayrıca müzakirə formatlarının yaranmasına səbəb olub.