Bəşər Əsəd barəsində çıxarılan ölüm hökmü qanunvericiliyə uyğundur - ŞƏRH

  • "Lakin həmin qərarın faktiki icra olunub-olunmayacağı, yəni cəzanın reallaşdırılması isə tamamilə başqa məsələdir və bunu zaman göstərəcək”

Suriya məhkəməsi devrilmiş prezident Bəşər Əsədi bəşəriyyətə qarşı cinayətlər və müharibə cinayətləri törətməkdə təqsirli bilərək qiyabi şəkildə ölüm cəzasına məhkum edib. Eyni hökm onun qardaşı Mahir Əsəd və keçmiş təhlükəsizlik rəsmisi Atif Nəcib barəsində də çıxarılıb.

Bu, Əsədin 2024-cü ilin dekabrında hakimiyyətdən devrilməsindən sonra Suriya məhkəməsinin onun barəsində çıxardığı ilk hökmdür. Xatırladaq ki, Bəşər Əsəd hazırda Rusiyada sığınacaq altındadır və Moskva indiyədək onun Suriyaya təhvil verilməsi ilə bağlı çağırışları qəbul etməyib. Siyasi ekspertlər isə qiyabi ölüm hökmünün praktiki icrası və beynəlxalq hüquqi nəticələri ilə bağlı müxtəlif mövqelər səsləndirirlər.

Mövzunu Sherg.az-a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, cinayət-prosessual qanunvericilik qiyabi məhkəmə araşdırmasının aparılmasına və müəyyən hallarda şəxslər barəsində qiyabi hökm çıxarılmasına imkan verir. Onun sözlərinə görə, bu praktika təkcə Suriyaya xas deyil, Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkəsinin qanunvericiliyində nəzərdə tutulub. Məhz Suriya qanunvericiliyinin müvafiq normalarına əsasən Bəşər Əsəd barəsində də qiyabi ölüm hökmü çıxarılıb.

X.Bəşirov qeyd edib ki, sözügedən qərar yalnız hüquqi müstəvidə deyil, həm də siyasi baxımdan qiymətləndirilməlidir:

“Məsələnin siyasi tərəfi 2024-cü ilin sonunda Suriyada hakimiyyət dəyişikliyindən sonra Bəşər Əsədin Rusiyaya sığınması ilə bağlıdır. Bildiyiniz kimi rejim dəyişikliyindən sonra Bəşər Əsəd Rusiyanın razılığı ilə bu ölkəyə gedib və hazırda orada sığınacaq alaraq yaşayır. Hesab edirəm ki, Rusiya ilə Suriyanın yeni hakimiyyəti arasında Əsəd məsələsinin müəyyən mənada bazarlıq mövzusu olacağı gözlənilən idi. "Bazarlıq" dedikdə, Rusiyanın Əsədi Suriyaya təhvil verməsi ehtimalı nəzərdə tutula bilər. Lakin düşünmürəm ki, Moskva belə bir addım atsın. Çünki bu halda Rusiyaya olan etibar ciddi şəkildə sarsılar.

Hamımıza məlumdur ki, hazırda Rusiyada müxtəlif ölkələrin keçmiş rəhbərləri və yüksək vəzifəli şəxsləri yaşayırlar. Məsələn, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç, Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev və digər şəxslər var. Akayev sonradan öz ölkəsinə gedib-gələ bilsə də, elə şəxslər də mövcuddur ki, barələrində öz ölkələrində müxtəlif araşdırmalar aparılmasına baxmayaraq, Rusiya ərazisində yaşayırlar. Bu araşdırmaların legitim olub-olmaması başqa məsələdir. Ancaq fakt odur ki, həmin şəxslər Rusiyanın himayəsindədir. Məncə, Bəşər Əsəd də həmin şəxslərdən biridir. Rusiyanın Bəşər Əsəd məsələsindən Suriya ilə danışıqlarda istifadə edə biləcəyini deyərkən, əsasən Tartus və Xmeymim hərbi bazalarını nəzərdə tuturam. Bildiyiniz kimi, Rusiyanın Suriyadakı bu strateji hərbi bazalarının gələcək statusu və onların yenidən Rusiyanın nəzarətində qalması məsələsi tərəflər arasında əsas müzakirə mövzularından biridir”.

Məsələnin hüquqi tərəflərinə toxunan Xəyal Bəşirov bildirib ki, qiyabi hökmün, o cümlədən ölüm cəzasının çıxarılması cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğundur:

“Düşünürəm ki, bəli, qiyabi qaydada ölüm hökmünün və ya digər cəzaların verilməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur. Əgər şübhəli və ya təqsirləndirilən şəxsin məhkəmə prosesinə cəlb edilməsi mümkün deyilsə, qanunvericilik belə bir imkan yaradır. Suriya hakimiyyətinə məlumdur ki, Bəşər Əsəd hazırda Rusiyadadır və onun məhkəmə prosesində iştirakını təmin etmək mümkün deyil. Bununla belə, barəsində aparılan araşdırmanın yekunlaşdırılması və məhkəmə qərarının çıxarılması hüquqi zərurətdir. Hesab edirəm ki, Suriya hakimiyyəti bu qərardan müəyyən mənada təsir və təzyiq mexanizmi kimi istifadə etməyə də çalışır. Bununla yanaşı, hüquqi baxımdan hökmün çıxarılması legitimdir və beynəlxalq praktikada buna bənzər hallara dəfələrlə rast gəlinib.

Məsələn, Rusiya-Ukrayna müharibəsi fonunda həm Rusiya Ukrayna rəsmilərinə, həm də Ukrayna Rusiya rəsmilərinə qarşı cinayət təqibi həyata keçirib. Bu çərçivədə müxtəlif məhkəmə qərarlarının qəbul edildiyi məlumdur və gələcəkdə də belə halların baş verməsi istisna deyil.

Bu baxımdan Bəşər Əsəd barəsində çıxarılan hökm qanunvericiliyə uyğundur. Lakin həmin qərarın faktiki icra olunub-olunmayacağı, yəni cəzanın reallaşdırılması isə tamamilə başqa məsələdir və bunu zaman göstərəcək”.