Böyük Yeddilik (G-7) ölkələrinin maliyyə nazirləri qlobal enerji bazarlarındakı gərginliyi müzakirə etmək üçün təcili toplantı keçirəcək.
“APA-Economics” xəbər verir ki, bu barədə Financial Times qəzeti G-7-dən yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş Bakı vaxtı ilə saat 16:30-da keçiriləcək. Toplantıda Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol da iştirak edəcək.
Görüşün əsas gündəliyi İranla müharibənin enerji bazarlarına təsirini azaltmaq və qlobal enerji təchizatının təhlükəsizliyini təmin etmək olacaq. Müzakirələr çərçivəsində IEA koordinasiyası ilə strateji neft ehtiyatlarının bazara buraxılması məsələsi nəzərdən keçiriləcək.
Məlumata görə, artıq ABŞ daxil olmaqla üç G-7 ölkəsi ehtiyatların bazara çıxarılması təşəbbüsünü dəstəklədiyini bildirib.
Analitiklərin fikrincə, bu addım qlobal iqtisadiyyatda stagflasiya riskinin qarşısını almaq və enerji qiymətlərinin artımı fonunda güclənən inflyasiya təzyiqini azaltmaq məqsədi daşıyır.