Britaniya Müdafiə Nazirliyinin məxfi sənədləri zibilxanada tapılıb

Böyük Britaniya Müdafiə Nazirliyinə məxsus məxfi sənədlər ölkənin ən böyük hərbi qarnizonlarından birinin yaxınlığındakı zibilxanada aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə "The Sun on Sunday" qəzeti məlumat yayıb.

Məlumata görə, sənədlər İngiltərənin Şimali Yorkşir qraflığında yerləşən Ketterik qarnizonundan təxminən 4 kilometr aralıda yerləşən bələdiyyə zibilxanasında təsadüfi yoldan keçən şəxs tərəfindən tapılıb.

Sənədlərdə hərbçilərin şəxsi məlumatları, silahların saxlanılması, qarovul növbələri, təhlükəsizlik qaydalarının pozulması və fövqəladə hallara reaksiya protokolları ilə bağlı məlumatların yer aldığı bildirilir. Ketterik qarnizonunda ümumilikdə 13 min hərbçi xidmət edir.

Hadisə ilə bağlı Kral Hərbi Polisi araşdırmaya başlayıb.

Britaniya ordusunun nümayəndəsi bildirib ki, ilkin qiymətləndirməyə əsasən, itirilmiş sənədlərdə əməliyyat müdafiəsinə dair məxfi məlumatlar olmayıb.