Noyabrda yay havası təhlükəsi: Viruslar fürsət tapdı, xəstəlik riski artır

  • Günəşli havaya aldanmayın, uşaqlar üçün təhlükə var. Hava anomaliyaları immun sistemini zəiflədir

Pediatr Vaqif Qarayev noyabr ayında müşahidə olunan qeyri-adi hava şəraiti ilə bağlı valideynlərə xəbərdarlıq edib.

Sherg.az xəbər verir ki, pediatr günəşli havaya aldanaraq uşaqları nazik və yay geyimlərində çölə çıxarmağın düzgün olmadığını bildirib. Həkim valideynləri uşaqların geyiminə xüsusi diqqət yetirməyə çağırıb.

Onun sözlərinə görə, havanın günəşli olması temperaturun yüksək olduğu anlamına gəlmir. Buna görə də uşaqların hava şəraitinə uyğun geyindirilməsi vacibdir. Havaların mövsümə uyğun soyumaması virusların yoluxma zəncirinin qırılmasına imkan vermir. Nəticədə təkrar yoluxma riski artır.

Mütəxəssislər qeyd edirlər ki, belə hava şəraitində dövri yoluxma xüsusiyyətinə malik viruslar aktivliyini itirmir, göbələk xəstəlikləri fəal qalır. Ağacların vaxtından əvvəl çiçəklənməsi nəticəsində tozlanma ilə bağlı allergik reaksiyalar artır, havanın nisbi rütubəti yüksəlir. Nisbi rütubətin artması isə həm ürək-damar sistemini, həm də qan təzyiqini gərgin vəziyyətdə saxlayır.

Professor Adil Qeybulla da Sherg.az-a açıqlamasında hava anomaliyalarının insan sağlamlığına zərərli təsir göstərdiyini bildirib:

“Yer kürəsində gedən proseslər, müxtəlif faydalı qazıntıların çıxarılması, intensiv fəaliyyət, müharibələr və digər amillər Yerin orbitinə öz təsirini göstərməkdədir. Biz tədricən müəyyən prosesləri hiss etməliyik.

Yer üzündə qlobal istiləşmə buzlaqların əriməsi ilə müşayiət olunur ki, bu da çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Qlobal istiləşmənin özü ayrı-ayrı virusların və mikroorqanizmlərin fəallaşmasına səbəb olur. Təbiət hadisələri canlı aləmlə sıx bağlıdır.

Məsələn, Bakıda illər əvvəl bu aylarda qar yağardı, havalar isə çox soyuq keçərdi. Amma indi tamamilə fərqli mənzərə ilə qarşılaşırıq.

Bu proseslər insanların immun sisteminə birbaşa təsir edir. Müxtəlif virusların fəallaşması, hava anomaliyaları səbəbindən geyimlərin düzgün seçilməməsi xəstəliklərə yol açır”.