Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Özgür Özəlin Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan, heç bir əsaslara söykənməyən, məsuliyyətsiz ifadələri açıq-aşkar böhtan xarakteri daşıyır.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" platformasında yazıb.
"Bununla yanaşı, siyasətin dilini böhtanlar, əsassız ittihamlar və suçlamalarla doldurmaq, bunu israrla təkrarlamaq xalqımızın demokratiya mədəniyyətinə qarşı edilmiş böyük bir hörmətsizlikdir. Cənab Prezidentin legitimliyini sorğulamağa və ya buna cəhd etmək milli iradəyə qarşı açıq hörmətsizliyin təzahürüdür. Türkiyə beynəlxalq arenada öz siyasətini müstəqil şəkildə müəyyən edən, qlobal məsələlərdə sözü dinlənilən bir dövlətdir. Türkiyə ədalətin və vicdanın səsi kimi bütün bəşəriyyətə ümid verməkdədir" - B.Duran qeyd edib.
Onun sözlərinə görə, CXP sədrinin ifadələri təkcə Prezidenti deyil, Türkiyənin xarici siyasətdəki müstəqilliyini və dövlətçilik ənənəsini də hədəf alır: "Daxili siyasi maraqlar naminə dövlət idarəçiliyi və milli maraqlar mövzusunda böhtan dilindən istifadə etmək həm də ləyaqət problemindən xəbər verir. Cənab Prezidentə qarşı yönəlmiş bu çirkin dili və yaraşmayan ifadələri qəti şəkildə pisləyirəm. Özgür Özəl dövlətin ən ali vəzifəsinə qarşı daha məsuliyyətli, hörmətli və ölçülü bir üslub sərgiləməlidir".