Çin Tayvanla əlaqələrin möhkəmləndirilməsi üzrə siyasi tədbirlər paketi təqdim edib

Çin hökuməti Tayvanla mübadilə və əməkdaşlığı aktivləşdirməyə yönəlmiş 10 siyasi tədbirdən ibarət paket təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Təşəbbüs Tayvan boğazının hər iki tərəfi arasında münasibətlərin sülh yolu ilə inkişafına, habelə qohumluq əlaqələrinin və hər iki tərəfdəki soydaşların rifahının möhkəmləndirilməsinə xidmət etməyə hesablanıb.

"Kontinental Çin Tayvan boğazı üzərindən müntəzəm birbaşa reyslərin, o cümlədən Urumçi, Sian, Harbin, Kunmin və Lançjou şəhərlərinə və əks istiqamətdə reyslərin tam bərpasını sürətləndirəcək", - deyə məlumatda bildirilir.

Futszyan əyalətindəki infrastruktur layihələrinə xüsusi diqqət yetirilir. Hökumət sahilboyu rayonları Kinmen və Matsu adaları ilə su, elektrik və qaz resurslarından birgə istifadni təşviq etmək niyyətindədir. Uyğun şərait yarandıqda, bu əraziləri birləşdirən dəniz körpülərinin tikintisinə başlanacaq.

"1992-ci il Konsensusuna sadiqliyi və "Tayvanın müstəqilliyinə" qarşı çıxmağı nəzərdə tutan ümumi siyasi mövqeyə əsaslanan kommunikasiya mexanizmi yaradılacaq. Bu, karantin standartlarına cavab verən Tayvan kənd təsərrüfatı və balıq məhsullarının materikə idxalını asanlaşdırmaq məqsədi daşıyır", - deyə materialda vurğulanır.