CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq

Tehran və Vaşinqton düşmənçiliyə son qoymaq üçün növbəti danışıqlar raunduna hazır görünürlər.

Teleqraf xəbər verir ki, bu barədə CNN-in təhlilində qeyd olunur.

"Ən vacib mübahisəli məsələlərdən bəziləri, o cümlədən Hörmüz boğazının statusu hələ də həll olunmayıb. Dünyanın neft və təbii qaz ehtiyatlarının təxminən beşdə birinin keçdiyi bu həyati əhəmiyyətli su yolunda minlərlə dənizçi ilişib qalıb" - məqalədə qeyd olunur.

"Rystad Energy" şirkətinin məlumatına görə, fevralın sonundan bəri boğazdan neft axını bir qədər azalıb və əsasən İran barellərindən ibarətdir. Tehran beynəlxalq dəniz keçidi olan boğaz üzərində müəyyən nəzarəti saxlamaqda qərarlıdır və bu da enerji qiymətlərinin dünya miqyasında kəskin şəkildə artmasına səbəb olub.

Hazırda gəmilərin boğazdan keçməsi üçün daimi ödəniş sistemi nəzərdən keçirilir. ABŞ-nin İranın qlobal iqtisadiyyat üzərində böyük təsir göstərə biləcək belə bir imkana sahiblənməsinə razı olub-olmayacağı bəlli deyil. Hazırda boğazdan keçən gəmilərin sayı məhdud olaraq qalır, münaqişə başlamazdan əvvəl gündə 100-dən çox gəmi keçirdi.

S&P Global Market Intelligence şirkətinin bazar ertəsi verdiyi məlumata görə, cümə və bazar günləri arasında boğazdan 36 gəmi keçib ki, bu da şənbə günü martın əvvəlindən bəri ən yüksək rəqəmdir.

Onların arasında dörd sərnişin gəmisi də var idi. Gəmiçilik analitikası şirkəti Kpler çərşənbə axşamı CNN-ə təsdiqləyib ki, ABŞ aprelin 13-də blokada tətbiq etdikdən bəri ən azı 27 İran gəmisi boğazdan keçib. Bu müddət ərzində Mərkəzi Komandanlıq bir çox gəmiyə istiqaməti dəyişməsini əmr edib.

Əmtəə qiymətlərini izləyən "CRU Group"un açıqlamasında deyilir: "Bu pozuntuların ən azı may ayının sonuna qədər davam etməsi, enerji bazarlarında qeyri-sabitliyə və qiymətlərin artmasına səbəb olması ehtimalı var".