Ərdoğan: "Dünya sürətlə xaos dövrünə sürüklənir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dünyanın "güc qanununun" hökm sürdüyü xaotik mərhələyə doğru sürətlə irəlilədiyini bildirib.

Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, o, bunu Ramazan ayı münasibətilə keçirilən iftar süfrəsində çıxışı zamanı deyib.

"Dünyamız kobud gücün tətbiq olunduğu və güc qanununun işlədiyi xaotik bir dövrə doğru sürətlə gedir. Bunu qonşumuz İranla bağlı başlayan prosesdə bir daha görürük", - deyə Ərdoğan vurğulayıb.

Türkiyənin regionla bağlı məsələlərdə heç vaxt neytral mövqe tutmadığını bildirən dövlət başçısı qeyd edib ki, Ankara sülhün, sabitliyin, ədalətin və ümumbəşəri dəyərlərin tərəfindədir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İran isə cavab olaraq İsrailə və regiondakı ABŞ obyektlərinə zərbələr endirib. İran dövlət mediası hücumlar nəticəsində ali lider Əli Xameneinin həlak olduğunu bildirib.