Ərəb Parlamenti: İsrailin Suriyaya yönəlmiş hücumları regional təhlükəsizliyi təhdid edir

Ərəb Parlamentinin sədri Məhəmməd əl-Yəmahi bildirib ki, İsrailin Suriya ərazisinə təkrarlanan hücumları “regionun təhlükəsizliyi üçün ciddi bir təhdid” yaradır.

Sherg.az xəbər verir ki, Yəmahi yayımladığı yazılı açıqlamada İsrailin Suriya torpaqlarına və Dəməşq ətrafındakı Beyt Cin kəndinə hücumlarını “şiddətlə qınadığını” ifadə edib.

İsrail hücumlarının Suriyanın suverenliyinə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə açıq şəkildə zidd olduğunu vurğulayan Yəmahi əlavə edib ki, bu hücumlar həm də regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdiddir.

“Bu hücumların davam etməsi, işğalçı güc olan İsrailin beynəlxalq legitimliyə riayət etmədən həyata keçirdiyi sistematik gərginlik siyasətini əks etdirir”, – deyə Yəmahi bildirib və beynəlxalq ictimaiyyəti İsraili dayandırmağa çağırıb.

Suriyaya tam həmrəylik göstərdiklərini qeyd edən Yəmahi, “Hər hansı bir ərəb dövlətinə edilən hücum, ərəb milli təhlükəsizliyinə edilmiş hücumdur”, – deyə ifadə edib.

Suriyanın cənubunda, Cəbəlüş-Şeyx (Hərmon dağı) ətəklərində və Qolan ilə İsrail sərhədinə təxminən 10 km məsafədə yerləşən Beyt Cin kəndinin sakinləri 28 noyabrda İsrail patrulunun kəndə girərək 3 nəfəri qaçırmaq cəhdinə qarşı çıxmışdılar.

Toqquşmada biri zabit olmaqla 6 İsrail əsgəri yaralanmış, İsrail ordusu cavab olaraq kəndə hava zərbələri endirmişdi.

Suriya Səhiyyə Nazirliyinin məlumatına görə hücum nəticəsində 13 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.