Fitso: Slovakiya Ukraynaya hərbi yardım üçün pul ayırmayacaq

Slovakiya hökuməti Ukraynaya hərbi yardım məqsədilə yeni maliyyə öhdəlikləri götürməyəcək.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso "Şənbə Dialoqları" proqramında çıxışı zamanı bildirib.

Baş nazir qeyd edib ki, Slovakiyanın Ukrayna üçün nəzərdə tutulan hərbi kredit proqramlarına qoşulması üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, Kiyevə göstərilən hərbi dəstək münaqişənin uzanmasına səbəb olur və Bratislava bu yanaşmanı dəstəkləmir.

Fitso vurğulayıb ki, Slovakiya NATO-nun Ukrayna üçün hazırladığı yeni maliyyə yardım paketində iştirak etməyi planlaşdırmır. O, həmçinin ölkəsinin daha əvvəl də Avropa İttifaqı çərçivəsində Ukraynaya hərbi dəstək məqsədilə ayrılan kredit proqramlarına qoşulmadığını xatırladıb.

Qeyd edək ki, NATO-nun 2026-cı ildə Ukraynaya 70 milyard avro həcmində maliyyə yardımı ayrılacağını elan etməyə hazırlaşdığı bildirilir. Məsələnin iyulun 7-8-də Ankara şəhərində keçiriləcək NATO nümayəndələrinin görüşündə müzakirə olunacağı gözlənilir.