Fransa və İspaniyada davam edən güclü meşə yanğınları səbəbindən 225 mindən çox sakin və turist təhlükəsiz ərazilərə təxliyə edilib.
Cənubi Avropada uzun sürən isti hava dalğaları və quraqlıq fonunda alov sürətlə yayılır.
Fransada ən ağır vəziyyət Jironda və Land bölgələrində qeydə alınıb. Yerli hakimiyyətin "xüsusilə iri miqyaslı yanğın" adlandırdığı fəlakət nəticəsində 19 min hektardan çox meşə və 80-ə yaxın ev yanıb. "Le Figaro" nəşrinin məlumatına görə, bu, son 50 ildə Fransada baş vermiş ən dağıdıcı meşə yanğınlarından biridir. Prezident Emmanuel Makron yanğınların söndürülməsinə dəstək məqsədilə hərbçiləri də cəlb edib.
İspaniyada isə hökumət milli səviyyədə fövqəladə vəziyyət elan edib. Təxminən 25 min nəfər təxliyə olunub, daha 40 minə yaxın sakinə isə evlərini tərk etməmək tövsiyə edilib.
Madrid regional hakimiyyəti yanğını bölgə tarixinin ən ağır meşə yanğını adlandırıb. Hazırda alovun miqyası yanğınsöndürmə qüvvələrinin imkanlarını üstələyir. Madrid bölgəsində 6 min hektardan, qonşu Avila əyalətində isə 9 min hektara yaxın ərazi külə dönüb.