“Hərbi obyekt” adı ilə hər yer vurula bilməz - Beynəlxalq hüquq üzrə ekspert

Əlövsət Allahverdiyev: “Mülki əhaliyə qəsdən hücum müharibə cinayətidir”

Yaxın Şərqdə gərginlik yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 787 nəfərə çatıb. İran Qızıl Aypara Cəmiyyəti yayıb. Bildirilir ki, ölkənin 153 yaşayış məntəqəsində 504 obyektə endirilən hava zərbələri zamanı bu qədər insan həyatını itirib. Hazırda dağıntı altında qalan binalarda axtarış-xilasetmə işləri davam etdirilir.

Hərbi hücumların ilk günü İranın ali dini lideri Əli Xameneyinin həlak olması regionda gərginliyi daha da artırıb. Tehran cavab olaraq təkcə İsrailə deyil, Yaxın Şərqdəki Amerika hərbi bazalarına yeni raket və pilotsuz təyyarə hücumları həyata keçirib. Zərbələr BƏƏ-nin Bəhreyn, Küveyt, Əbu-Dabi və Dubay şəhərlərini, eləcə də Qətərin Doha şəhərini hədəf alıb. Baş verənlər artıq lokal qarşıdurma çərçivəsini aşaraq beynəlxalq hüquq müstəvisində ciddi müzakirələr doğurur. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları beynəlxalq hüququn norma və prinsiplərinə nə dərəcədə uyğundur? İranın ərəb ölkələrinin ərazilərinə raket hücumu etməsi özünümüdafiə hüququ çərçivəsinə daxildirmi, yoxsa bu, üçüncü dövlətlərin suverenliyinin pozulması kimi qiymətləndirilməlidir? 

Mövzunu şərh edən beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev “Sherg.az”a bildirib ki, beynəlxalq hüquq normalarına görə mülki əhalinin hədəf alınması qəbuledilməzdir və hüquqi baxımdan ciddi şəkildə qadağandır.

Hüquqşünasın sözlərinə görə, bu prinsip dünyanın istənilən yerində, Dubayda, Qətərdə və ya başqa bir ölkədə eyni qaydada tətbiq olunur: “ Silahlı münaqişələr zamanı tərəflər beynəlxalq humanitar hüquqa, xüsusilə də 1949-cu il Cenevrə Konvensiyalarına və onların Əlavə Protokollarına əməl etməlidirlər.

Bu sənədlərin əsas prinsiplərindən biri fərqləndirmə prinsipidir. Bu prinsipə görə münaqişə tərəfləri mülki şəxslərlə döyüşçüləri, eləcə də mülki obyektlərlə hərbi obyektləri bir-birindən aydın şəkildə ayırmalıdır. Mülki şəxslər birbaşa hücum obyekti ola bilməz. Onlara qarşı qəsdən edilən hücumlar beynəlxalq hüququn ciddi pozuntusu sayılır.

Digər mühüm prinsip proporsionallıq prinsipidir. Hətta hərbi hədəf mövcud olduqda belə, əgər hücum nəticəsində gözlənilən mülki itkilər hərbi üstünlüklə müqayisədə həddindən artıqdırsa, belə hücum qanunsuz hesab olunur. Bundan əlavə, tərəflər mülki əhalini qorumaq üçün mümkün bütün ehtiyat tədbirlərini görməlidirlər.

Mülki əhaliyə qarşı qəsdən hücumlar müharibə cinayəti kimi qiymətləndirilə bilər və bu cür əməllərə görə fərdi cinayət məsuliyyəti yarana bilər. Bu məsuliyyət həm milli məhkəmələrdə, həm də müəyyən hallarda Beynəlxalq Cinayət Məhkəməsində araşdırıla bilər”.

Ekspert qeyd eidb ki, beynəlxalq humanitar hüquqa görə hərbi obyektlər legitim hədəf hesab olunur. Lakin bu, "istənilən halda vurmaq olar” demək deyil. Hücumun qanuni sayılması üçün bir neçə ciddi şərt var:

“Əvvəla, obyekt həqiqətən hərbi obyekt olmalıdır. Beynəlxalq hüquqa görə hərbi obyekt dedikdə elə obyekt nəzərdə tutulur ki, onun təbiəti, yerləşməsi, məqsədi və ya istifadəsi hərbi fəaliyyətə real töhfə verir və onun məhv edilməsi konkret və aydın hərbi üstünlük yaradır. Məsələn, silah anbarı, hərbi baza, komanda mərkəzi kimi obyektlər buna daxil ola bilər.

Eyni zamanda, fərqləndirmə prinsipi qorunmalıdır. Hücum yalnız hərbi hədəfə yönəlməlidir, mülki şəxslər və mülki obyektlər birbaşa hədəf ola bilməz.

Proporsionallıq prinsipi tətbiq olunmalıdır. Əgər hərbi obyekt sıx yaşayış məntəqəsində yerləşirsə və hücum nəticəsində gözlənilən mülki itkilər əldə ediləcək hərbi üstünlüklə müqayisədə həddindən artıqdırsa, belə hücum qanunsuz sayılır.

Tərəflər ehtiyat tədbirləri görməlidirlər. Bu, mümkün qədər mülki itkilərin qarşısını almaq və ya minimuma endirmək üçün planlaşdırma və vasitə seçimi öhdəliyidir.

Əlavə olaraq, bəzi obyektlər, məsələn, xəstəxanalar, dini məkanlar, məktəblər xüsusi qoruma altındadır. Onlar yalnız hərbi məqsədlə istifadə edildiyi sübut olunarsa və digər şərtlər ödənərsə legitim hədəfə çevrilə bilər”.