Azərbaycan və Suriya media sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib, həmçinin ikitərəfli münasibətlərin gələcək inkişafında maraqlı olduqlarını təsdiqləyiblər.
"Report" agentliyinin SANA-ya istinadən verdiyi məlumata görə, Suriyanın informasiya naziri Xaled Fəvaz Zəarur Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovla görüşüb.
Görüş zamanı nazir bildirib ki, Suriyanın hazırkı hakimiyyəti dost və qardaş ölkələrlə münasibətlərdə yeni mərhələ açmağa çalışır. O qeyd edib ki, Suriya xalqı əvvəlki rejimlə diplomatik əlaqələri dayandıran Azərbaycanın mövqeyini yüksək qiymətləndirir.
Xaled Fəvaz Zəarur həmçinin informasiya siyasətinin yenidən nəzərdən keçiriləcəyini və əvvəlki hakimiyyət dövründə Azərbaycan haqqında formalaşdırılmış təhrif olunmuş narrativlərə son qoyulacağını vurğulayıb.
Elnur Şahhüseynov isə hazırkı administrasiya dövründə Bakı ilə Dəməşq arasında münasibətlərin bərpasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Suriya qısa müddət ərzində nəzərəçarpacaq müsbət dəyişikliklər nümayiş etdirib.
Azərbaycanlı diplomat əlavə edib ki, Bakı müxtəlif sahələrdə Suriya ilə əməkdaşlığın inkişafına böyük önəm verir.