Hindistan ABŞ prezidentinin qərarına etiraz edib, danışıqlar təxirə salınıb

Hindistan bu həftə Vaşinqtona ticarət nümayəndə heyəti göndərmək planlarını təxirə salıb.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bu qərarın əsas səbəbi ABŞ Ali Məhkəməsinin prezident Donald Tramp tərəfindən tətbiq edilən tarifləri ləğv etməsindən sonra yaranmış qeyri-müəyyənlikdir. Bu barədə bu gün Hindistanın Ticarət Nazirliyindəki mənbə məlumat verib.

Bu addım Asiya ölkələri arasında məhkəmə qərarına verilən ilk konkret reaksiyalardan biri sayılır. Qərardan sonra Tramp şənbə günü ABŞ-ın bütün ölkələrdən idxalına qanunla icazə verilən maksimum hədd – 15 faiz həcmində müvəqqəti tarif tətbiq edib.

Məsələnin həssaslığı səbəbindən anonim qalmaq istəyən mənbə bildirib ki, səfərin təxirə salınması iki ölkə rəsmiləri arasında aparılan müzakirələrdən sonra qərara alınıb. Səfər üçün hələlik yeni tarix müəyyən edilməyib.

Mənbənin sözlərinə görə, gecikmə əsasən cümə günü çıxarılan məhkəmə qərarından sonra tariflərlə bağlı yaranmış qeyri-müəyyənliklə əlaqədardır.

Nümayəndə heyəti bazar günü yola düşməli və müvəqqəti ticarət sazişinin yekunlaşdırılması üzrə danışıqlar aparmalı idi. Hər iki ölkə Vaşinqtonun Hindistanın Rusiyadan neft alışı ilə əlaqəli bəzi ixrac mallarına tətbiq etdiyi 25 faizlik cəza tariflərinin azaldılması üçün çərçivə razılaşmasına gəlmişdi.

Razılaşmaya əsasən, ABŞ-ın Hindistan mallarına tətbiq etdiyi tariflər 18 faizə endirilməli, Hindistan isə beş il ərzində enerji təchizatı, təyyarə və ehtiyat hissələri, qiymətli metallar və texnologiya məhsulları daxil olmaqla ABŞ-dan 500 milyard dollar dəyərində məhsul almağa razılıq verməli idi.