İran ABŞ ilə danışıqlarda sanksiyaların ləğvini gözləyir

Tehran hesab edir ki, Vaşinqtonla İranın nüvə proqramı üzrə əldə oluna biləcək razılaşma Qərb sanksiyalarının bir hissəsinin aradan qaldırılmasını nəzərdə tutacaq.

Teleqraf xəbər verir ki, bu barədə Abbas Əraqçi CBS telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) sonra vəziyyət dəyişib.

“On il keçib və yeni reallıq formalaşıb. Nüvə proqramımız texniki baxımdan irəliləyib. Eyni zamanda, İrana qarşı daha çox sanksiya tətbiq olunub və təzyiq artıb”, - o deyib.

Onun sözlərinə görə, yeni razılaşma 2015-ci il nüvə sazişindən daha yaxşı ola bilər.

“Düşünürəm ki, BHFP-dən daha üstün şərtləri olan bir saziş mümkündür. Elə komponentlər var ki, əvvəlki razılaşmadan daha yaxşı ola bilər”, - Əraqçi qeyd edib.

Nazir vurğulayıb ki, 2015-ci il razılaşması üzrə danışıqlarda şəxsən iştirak edib və proses çoxsaylı detalları əhatə edib. Lakin hazırda əsas məsələlər üzrə razılığa gəlməyin mümkün olduğunu düşünür. Onun fikrincə, İranın nüvə proqramının dinc xarakter daşıdığı və gələcəkdə də belə qalacağı təmin edilə bilər, bununla yanaşı daha çox sanksiyanın ləğvi təmin olunmalıdır.