İran ABŞ ilə sülh danışıqlarının ikinci raunduna razılaşıb

İranın danışıqlar heyəti ABŞ nümayəndə heyəti ilə yeni görüş raundunda iştirak etmək üçün Pakistana yola düşəcək. Tehran daha əvvəl ABŞ-ın Hörmüz boğazına tətbiq etdiyi blokada səbəbilə danışıqlarda iştirakdan imtina etmişdi.

Sherg.az xəbər verir ki, məlumatı "Reuters" yayıb.

"The Wall Street Journal" və CNN mənbələrə istinadən xəbər verir ki, İran və ABŞ nümayəndə heyətləri çərşənbə günü, 22 aprel tarixində İslamabadda sülh danışıqlarının yeni raundunda görüşəcəklər.

CNN-in məlumatına görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens bu gün, 21 apreldə Vaşinqtondan Pakistana yola düşəcək və danışıqlarda iştirak edəcək. Hər iki tərəfin nümayəndələri görüş ətrafında vəziyyəti “qeyri-sabit” kimi qiymətləndirib.

Ağ Ev ABŞ diplomatlarının yeni raunda nə vaxt gedəcəyini rəsmi təsdiqləməyib. Prezident Donald Tramp administrasiyası nümayəndə heyətinin “tezliklə yola düşəcəyini”, lakin dəqiq vaxtın hələ məlum olmadığını bildirib.

"Axios" yazıb ki, İran danışıqlara qatılmağa ilkin olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun təzyiqləri səbəbindən razı olmayıb. İran nümayəndələri ölkənin ali lideri Müctəba Xameneidən icazə gözləyib və bu icazə bazar ertəsi axşamı verilib.

Donald Tramp isə 20 apreldə ABŞ və İran arasında “bu axşam saziş imzalanacağını” bildirmişdi, lakin detallar açıqlanmayıb.

Məlumata görə, 21 apreldə Vaşinqton və Tehran arasında əvvəlki atəşkəs müddəti başa çatır. Danışıqlarda əsas mübahisə mövzusu İranın nüvə proqramı olaraq qalır. ABŞ tərəfi İran üçün uranın zənginləşdirilməsinə 20 illik moratorium təklif edib, İran isə 5 illik dayandırmaya razı ola biləcəyini bildirib.

İranın IRNA agentliyi daha əvvəl ABŞ-ın “qeyri-real tələblərinə” və dəniz blokadasına görə ikinci raundda iştirakdan imtina etdiyini açıqlamışdı.

ABŞ 13 apreldən etibarən Hörmüz boğazı və İran limanlarına blokada tətbiq etdiyini bildirir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 18 apreldə 23 gəminin saxlanıldığını açıqlayıb.