İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının komandanı Əli Abdollahi ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq bildirib ki, ABŞ və İsrail İran infrastrukturuna yeni zərbələr endirərsə, onların qarşısında "cəhənnəmin qapıları açılacaq”.
Sherg.az xəbər verir ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, İranın Hörmüz boğazını açmaq və ya ABŞ-la razılaşma əldə etmək üçün iki günü qalıb. Onun sözlərinə görə, bu müddət bitdikdən sonra İranın üzərinə “bütün cəhənnəm çökəcək”.
Abdollahi isə cavabında bildirib:
“Biz bir saniyə belə tərəddüd etmədən xalqımızın hüquqlarını və milli sərvətlərimizi qorumaq üçün silahlı qüvvələrimizi səfərbər edəcəyik və hər bir təcavüzkarı yerinə oturdacağıq.”
Onun sözlərinə görə, ABŞ və İsrail tərəfindən yeni hücumlar olacağı təqdirdə, İran bu ölkələrin istifadə etdiyi istənilən infrastruktura zərbələr endirəcək.
“Savaşın ilk günlərindən verdiyimiz bütün vədləri yerinə yetirmişik. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, sizin qarşınızda cəhənnəmin qapıları açılacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb. İran isə cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə hücumlar həyata keçirir.