ABŞ və İsrailin fevralın 28-də başlayan hücumlarına İranın cavabında Hörmüz boğazının bağlanması, Yaxın Şərqdəki ABŞ hərbi bazalarının raket və dronlarla hədəfə alınması əsas yer tutub. Bu qarşıdurmaların mərkəzində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dayanır.
Sherg.az xəbər verir ki, SEPAH yalnız hərbi struktur kimi deyil, İranın siyasi, təhlükəsizlik və iqtisadi sistemində geniş təsir imkanlarına malik qurum kimi xarakterizə olunur. Bəzi ekspertlər onu “dövlət daxilində dövlət” adlandırır.
SEPAH 1979-cu il İslam İnqilabından qısa müddət sonra, mayın 5-də Ayətullah Ruhullah Xomeyninin göstərişi ilə yaradılıb. Əsas məqsədi yeni hakimiyyəti qorumaq və İran ordusunda mümkün çevriliş cəhdlərinə qarşı balans yaratmaq olub. Quruma birbaşa İranın dini lideri rəhbərlik edir.
SEPAH-ın geniş hərbi strukturu
İran-İraq müharibəsi SEPAH-ın inkişafında mühüm mərhələ olub. 1989-cu ildə Xomeyninin ölümündən sonra Əli Xameneinin hakimiyyəti dövründə qurumun səlahiyyətləri daha da genişləndirilib və xüsusilə kəşfiyyat sahəsində imkanları artırılıb.
SEPAH quru, hava və dəniz qüvvələrindən, həmçinin Bəsic könüllü qüvvələrindən və xaricdə fəaliyyət göstərən “Qüds Qüvvələri”ndən ibarətdir. Mənbədə SEPAH-ın 150 mindən çox hərbçiyə, Bəsicin isə 100 minlə 1 milyon arasında könüllüyə malik olduğu bildirilir.
SEPAH İranın raket arsenalına nəzarət etməklə yanaşı, sərhəd təhlükəsizliyi və nüvə obyektlərinin mühafizəsində də iştirak edir.
“Qüds Qüvvələri” və regional şəbəkə
SEPAH-ın “Qüds Qüvvələri” qanadı İranın “müqavimət oxu” adlandırdığı regional şəbəkədə fəaliyyət göstərir. Mənbəyə görə, bu struktur Livanda Hizbullahı, Fələstində HƏMAS-ı, İraqda Həşdi-Şabini, Yəməndə isə husiləri dəstəkləyib.
Bu strukturun uzun illər rəhbəri olmuş Qasım Süleymani 2020-ci ildə ABŞ-ın İraqda həyata keçirdiyi sui-qəsd nəticəsində öldürülüb. Onun ölümündən sonra “Qüds Qüvvələri”nə İsmayıl Qaani rəhbərlik edir.
İqtisadiyyatda da böyük təsir
SEPAH-ın təsiri təhlükəsizlik və hərbi sahə ilə məhdudlaşmır. Qurumun İranın biznes, siyasət, iqtisadiyyat və digər sahələrində də ciddi nüfuza malik olduğu qeyd edilir.
Mənbədə SEPAH-ın xüsusilə Mahmud Əhmədinejadın 2005–2013-cü illərdə prezidentliyi dövründə iqtisadi baxımdan gücləndiyi və neft sektorundan əldə olunan gəlirlərin əhəmiyyətli hissəsinə nəzarət etdiyi barədə analitik qiymətləndirmələrə yer verilir.
Zərbələrə baxmayaraq struktur qorunur
SEPAH-ın yüksək səviyyəli bir sıra komandirlərinin son illərdə ABŞ və İsrail tərəfindən öldürüldüyü bildirilsə də, strukturun fəaliyyətində ciddi pozulma baş vermədiyi qeyd olunur. Bunun səbəbi kimi əvvəlcədən hazırlanmış varislik planları göstərilir.
Hazırda SEPAH-ın baş komandanı Əhməd Vahididir. “Qüds Qüvvələri”nə İsmayıl Qaani, Bəsic qüvvələrinə isə Hüseyn Taeb rəhbərlik edir.
Ottava Universitetinin professoru Tomas Juno SEPAH-ın son müharibədə ciddi zərbələr aldığını, lakin raket və dron arsenalının bir hissəsi məhv edilsə də, qurumun hələ də Hörmüz boğazındakı gəmiçiliyi təhdid etmək üçün kifayət qədər silaha malik olduğunu bildirib. Onun sözlərinə görə, SEPAH üçün əsas məqsədlərdən biri müharibədən sonra əldə etdiyi geosiyasi mövqeləri möhkəmləndirmək və xüsusilə Fars körfəzində dəniz nəqliyyatına daha böyük nəzarət imkanları əldə etməkdir.