İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib

İran Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İslam Respublikası ilə əlaqəli terror qrupunu ifşa etməsi ilə bağlı iddiasını əsassız sayıb.

"Report" xəbər verir ki, buna İran XİN-in sözçüsü İsmayıl Bəqai münasibət bildirib.

"Bu cür əsassız iddiaların irəli sürülməsi və anti-İran ab-havasının yaradılması, ABŞ və İsrailə dəstək məsuliyyətindən diqqəti yayındıra bilməz", - o bildirib.

XİN-in sözçüsü bu cür məsuliyyəti başqasının üzərinə atma cəhdlərinin region ölkələri arasında etimadın yaranmasına kömək etməyəcəyini vurğulayaraq, BƏƏ hökumətini insanların hüquqlarına hörmət etməyə, qisasçı davranışlardan çəkinməyə və mehriban qonşuluq prinsipinə qayıtmağa çağırıb.

Qeyd edək ki, aprelin 20-də BƏƏ-nin təhlükəsizlik qüvvələri İranla əlaqəli terror qrupunu ifşa edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib, amma nəticəsiz qalıb.