İordan çayının qərb sahilində yerləşən Kiryat-Arba yaşayış məntəqəsində İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin evinin yaxınlığına pilotsuz uçuş aparatı düşüb.
Sherg.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bildirilir ki, söhbət fotoçəkiliş üçün istifadə olunan pilotsuz uçuş aparatından gedir.
Portalın məlumatına əsasən, aşkar edilən dron artıq İsrail Müdafiə Qüvvələrinə (SAXAL) təhvil verilib.
Qeyd olunur ki, İtamar Ben-Qvir və ailə üzvləri təhlükəsiz yerdədir və onların həyatına hər hansı təhlükə yaranmayıb.
Xatırladaq ki, son günlər Yaxın Şərqdə gərginlik davam edir. Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin Hudeydə vilayətində husilərə məxsus hərbi obyektlərə zərbələr endirdiyi bildirilmişdi.