Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı

Uels şahzadəsi Keyt Middlton kraliyyət ailəsinin üzvü kimi ilk dəfə ictimaiyyət qarşısında çıxış etdiyi uşaq hospisinə baş çəkib. Şahzadə bu dəfə tac əvəzinə qoruyucu dəbilqə və reflektorlu jilet geyinərək tikinti işləri ilə tanış olub.

Sherg.az xəbər verir ki, Keyt Middlton həyat yoldaşı, şahzadə Uilyamla evləndikdən sonra ilk ictimai çıxışını etdiyi Suffolk Uşaq Hospisinə yenidən səfər edib.

44 yaşlı şahzadə 2012-ci ildə açılışında iştirak etdiyi xeyriyyə müəssisəsinə 14 il sonra qayıdıb. Səfərin məqsədi artan tələbatı qarşılamaq üçün həyata keçirilən, milyonlarla funt sterlinq dəyərində genişləndirmə işləri ilə yerində tanış olmaq olub.

Middlton bir neçə gün əvvəl Oman sultanının şərəfinə təşkil edilən təntənəli dövlət ziyafətində Kral III Çarlz və Kraliça Kamillaya dəstək verərkən parlaq tacı ilə diqqət çəkmişdi. Bu dəfə isə o, tikinti sahəsinə uyğun qoruyucu geyimdə görüntülənib.

Şahzadə 2012-ci ildəki ilk səfəri zamanı müəssisənin ərazisində ağac əkib. Həmin vaxt o, hospisin ailələrə çətin dövrdə mümkün qədər normal həyat sürmək imkanı verdiyini vurğulayaraq burada göstərilən qayğı və dəstəyi yüksək qiymətləndirmişdi.

Middltonun ailələrə sevgi və ümid bəxş edən insanların fəaliyyətini tərifləyən sözləri də mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdı.

Şahzadə bu səfərdə qoruyucu dəbilqə və jiletlə yanaşı, Viktoriya Bekhemin dizayn etdiyi, qiyməti 1325 funt sterlinq olan xaki rəngli kostyumu ilə də diqqət çəkib.