- Avropa Rusiyaya qarşı sərt mövqe tutdu, indi dialoq üçün tərəfdaş tapa bilmir
- Putin Avropaya qapıları bağladı, ABŞ əsas danışıq kanalına çevrildi
Avropa İttifaqının (Aİ) diplomatları və rəsmiləri hələ də Rusiya Prezidenti Vladimir Putinlə sülh danışıqlarında Brüsseli kimin təmsil edəcəyi barədə razılığa gələ bilməyib.
“Politico”nun məlumatına görə, məsələ ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiyaya üçtərəfli görüş (Rusiya-Çin-ABŞ) təklif etmək məqsədilə səfərindən sonra aktuallaşıb.
Çexiya Prezidenti Petr Pavel bildirib ki, Putin Aİ-ni nüfuzlu tərəf kimi qəbul etmir və Ursula fon der Leyen, Kaya Kallas və Emmanuel Makron da daxil olmaqla, digər Avropa liderləri ilə danışmaqdan imtina edir. Pavelin fikrincə, Avropa danışıqlar aparmaq üçün digər liderlərin müvafiq mandat verəcəyi bir şəxsi və ya şəxslər qrupunu müəyyənləşdirməlidir.
“Politico” yazıb ki, diplomatlar Aİ-ni kimin təmsil etməli olduğu barədə razılığa gələ bilmirlər. Namizədlərdən biri Finlandiya Prezidenti Aleksandr Stubbdur. O, Aİ liderləri arasında ABŞ Prezidenti Donald Trampla ən yaxşı münasibətlərə malik şəxslərdən biri hesab olunur. Finlandiyanın Rusiya ilə münasibətlər sahəsində də böyük təcrübəsi var. Stubb Ukrayna Prezidenti Volodimir Zelenski və Uitkoffun Osloda keçirdiyi görüşdə də iştirak edib. Aİ diplomatlarından biri nəşrə deyib ki, Avropa İttifaqını sonda kimin təmsil edəcəyi ilə bağlı seçim şəxsi hakimiyyət uğrunda mübarizəyə və ya narsistik qərəzlərə deyil, ən böyük faydanı nəyin təmin edəcəyinə əsaslanmalıdır. Digər bir avropalı diplomat isə hesab edir ki, Avropa Şurasının prezidenti Antonio Koşta da Putinlə danışmağa cəhd etməlidir. O qeyd edib ki, fon der Leyen və Kallas Ukraynaya həddindən artıq yaxın şəxslər kimi qəbul olunur, Koşta isə bu fonda daha qərəzsiz vasitəçi təsiri bağışlayır.
Politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, son illərdə baş verən proseslər Avropa İttifaqının Rusiya ilə dialoqa yanaşmasında ziddiyyətli vəziyyət yaradıb. Onun sözlərinə görə, Avropa rəsmiləri uzun müddət Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağın məqsədəuyğun olmadığını, Moskva ilə yalnız sərt mövqe və ultimatumlar vasitəsilə danışmağın mümkünlüyünü bəyan ediblər:
“Avropa liderlərinin bu cür açıqlamaları Rusiyanın onlara münasibətinə də təsir göstərib. Moskva rəsmiləri, o cümlədən Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov Avropa liderlərinin mövqelərini tənqid edərək onlarla dialoqa maraq göstərmədiklərini nümayiş etdiriblər.
Hazırkı şəraitdə Rusiya ilə danışıqlar apara biləcək və Moskva tərəfindən qəbul ediləcək Avropa təmsilçisinin müəyyənləşdirilməsi olduqca çətindir. Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fitso əvvəllər bu istiqamətdə təşəbbüslərlə çıxış etsələr də, onların mövqeyi digər Avropa ölkələrində birmənalı qarşılanmayıb. Orbanın hakimiyyətdən getməsi və Fitsonun digər Avropa liderləri arasında etimad problemi ilə üzləşməsi bu şəxslərin Aİ adından danışıqlar aparmaq imkanlarını məhdudlaşdırır. Yaranmış vəziyyətdə həm siyasi fikir ayrılıqları, həm də qarşılıqlı etimadsızlıq Avropa İttifaqının Rusiya ilə dialoq üçün vahid və qəbul edilən nümayəndə müəyyənləşdirməsini çətinləşdirir”.
İlqar Vəlizadənin sözlərinə görə, hazırkı şəraitdə ABŞ-nin apardığı danışıqlar Rusiya ilə dialoqun əsas kanalı kimi çıxış edir:
“Vaşinqton bu prosesdə yalnız öz maraqlarını deyil, müəyyən mənada bütövlükdə Qərbin mövqeyini də təmsil edir. Bununla belə, Avropa İttifaqının danışıqlar masasında ayrıca tərəf kimi yer alması indiki mərhələdə çətin görünür.
Avropa liderlərinin Ukraynaya birmənalı dəstəyi ilə Donald Tramp administrasiyasının yanaşması arasında müəyyən fərqlər mövcuddur. Bu fərqlər Rusiya ilə danışıqların formatına və tərəflərin bir-birinə münasibətinə də təsir göstərir. Moskva Avropa İttifaqını müharibədə Ukraynanı dəstəkləyən tərəf kimi qəbul edir və buna görə də Brüsseli neytral vasitəçi hesab etmir. Rusiya tərəfi müharibənin birbaşa Ukrayna ilə aparıldığını əsas gətirərək Avropa ölkələrinin danışıqlarda ayrıca iştirakını zəruri saymır. ABŞ isə Moskvanın yanaşmasına görə, danışıqlar prosesində vasitəçi və moderator rolunu oynayır. Məhz bu səbəbdən Kreml hazırda Tramp administrasiyası ilə dialoqa üstünlük verir”.
Şəymən