ABŞ İranla Pakistanda keçiriləcək danışıqlara hazırlıq fonunda Yaxın Şərqə qoşun göndərməyə davam edir.
Oxu.Az "The Wall Street Journal"a istinadən xəbər verir ki, bölgəyə yeni qırıcılar və hücum təyyarələri yerləşdirilib, yaxın günlərdə isə ABŞ ordusunun 82-ci hava-desant diviziyasının 2 000-ə yaxın hərbçisinin göndərilməsi planlaşdırılır.
Məlumata görə, "USS George H.W.Bush" aviadaşıyıcısı müşayiət gəmiləri ilə martın sonunda Virciniyadan çıxaraq Atlantik okeanında yerləşdirilib. "USS Boxer" isə 11-ci dəniz piyadası ekspedisiya bölməsi ilə martın ortalarında Kaliforniyadan yola düşüb və hazırda Sakit okeandadır. Hər iki qruplaşmanın Yaxın Şərqə çatması bir həftədən çox vaxt apara bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla ikihəftəlik qarşılıqlı atəşkəs elan edib və tərəflərin İslamabadda danışıqlar aparması gözlənilir.