KİV: İordaniya Kralı Netanyahu ilə görüşdən imtina edib

İsrailin Baş naziri Binyamin Netanyahu İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseyn ilə görüşmək istəsə də, Amman tərəfi bundan imtina edib.

"Report" xəbər verir ki, bu barədə dövlət televiziyası Kan məlumat yayıb.

İsrail və İordaniya mənbələrinə görə, Netanyahunun ofisi İranla qarşıdurma başlamazdan əvvəl iki lider arasında görüş təşkil etmək xahişi ilə Ammana müraciət edib.

Teleradio şirkətinin mənbələrinə görə, görüşün məqsədi ABŞ-a İsrail və İordaniyanın, xüsusən də Qəzzada atəşkəsdən sonra yaxşı münasibətdə olduğunu aydın şəkildə göstərmək olub.

Bu tələbə cavab olaraq, Haşimilər Krallığı Fələstin dövlətinin qurulması perspektivləri, fələstinlilərin Qəzza zolağından çıxarılmasının qarşısının alınması, Qüdsdəki Əl-Əqsa məscidinə ibadət edənlərin girişinin təmin edilməsi və Qərb Şəriyəsində yəhudi məskunlarının zorakılıq məsələsi də daxil olmaqla, bir sıra məsələlərə aydınlıq gətirilməsini tələb edib.

Dövlət televiziyası iddia edib ki, İsraildən gələn cavablar İordaniya tərəfini qane etməyib və Netanyahuya kralla görüşmək kimi siyasi nailiyyət vermək istəyinin olmadığı və İsraillə gələcək əlaqələrin pərdəarxası təhlükəsizlik kanalları vasitəsilə təmin edilə biləcəyi qərara alınıb.

Bundan əlavə, mənbələrindən birinə görə, İordaniya Kralı Əl-Əqsa məscidinin qismən bağlanması səbəbindən İsrail Baş naziri ilə görüşməkdən imtina edib.