KİV: İran Rusiya ilə daşınabilən raketlərə dair məxfi müqavilə imzalayıb

İran Rusiya ilə hava hücumundan müdafiə məqsədilə müasir və daşınabilən raketlərin alınması üçün 500 milyon avroluq məxfi müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, müqavilə dekabr ayında Rusiyanın dövlətə məxsus silah ixracatçısı "Rosoboroneksport" şirkəti, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi və İran Silahlı Qüvvələrinin Logistika Agentliyi tərəfindən bağlanıb.

Razılaşma Rusiyanın üzərinə üç il ərzində 500 ədəd "Verba" daşınabilən raket qurğusu və 2 500 ədəd "9M336" raketi tədarük etmək öhdəliyi qoyur. Çatdırılmalar 2027-ci ildən 2029-cu ilə qədər üç mərhələdə həyata keçiriləcək.