KİV: Tramp İranla bağlı iki ssenarini nəzərdən keçirir

ABŞ Prezidenti Donald Trampın İranla davam edən münaqişə ilə bağlı iki mümkün ssenarini dəyərləndirdiyi iddia olunur.

Sherg.az xəbər verir ki, Axios nəşrinin yaydığı məlumata görə, birinci variant Hörmüz boğazının yenidən açılması məqsədilə 10 günlük atəşkəsin əldə olunması, ikinci variant isə diplomatik cəhdlər nəticə verməyəcəyi təqdirdə ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı birgə hərbi əməliyyata başlamasıdır.

Məlumata əsasən, Qətər, Misir, Pakistan və digər regional vasitəçilər Vaşinqton və Tehrana 10 günlük atəşkəs təklif ediblər. Bildirilir ki, Tramp administrasiyası bu təklifi nəzərdən keçirir və İsraildən diplomatik prosesə zərər verə biləcək addımlardan çəkinməsini istəyib.

Bununla yanaşı, ABŞ mümkün hərbi eskalasiyaya da hazırlaşır. İddialara görə, son günlər bölgəyə onlarla döyüş və yanacaqdaşıyan təyyarə göndərilib, İsrail ordusu isə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Axios yazır ki, Tramp hələ yekun qərar verməyib və yaxın günlərdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi müəyyənləşəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi vasitəçilər tərəfindən təkliflərin Tehrana çatdırıldığını təsdiqləsə də, onların məzmunu barədə ətraflı məlumat verməyib. İran Silahlı Qüvvələri isə ABŞ-yə qarşı cavab tədbirlərinin davam etdiriləcəyini bəyan edib.